“Din sosiologiyası” dərsliyi çapdan çıxıb
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini dosent Asəf Qənbərovun “Din sosiologiyası” kitabı nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Dərslikdə din sosiologiyasının müstəqil elm kimi təşəkkül tarixi, din sosiologiyasının predmeti və metodologiyası, habelə dinin sosioloji nəzəriyyəsinin aktual problemlərindən bəhs edilir. Eyni zamanda, dərslikdə ictimai bir institut kimi din-cəmiyyət münasibətləri, dinin mahiyyəti və funksiyaları, din və modernizasiya prosesi, müasir cəmiyyətdə dinin yeri, sekulyarizasiya problemi və s. ilə bağlı konseptual yanaşmalar haqqında ətraflı məlumat verilir.
Dərslik elmi tədqiqatçılar, sosioloqlar, dinşünaslar, ali məktəb müəllimləri, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, institut kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin müxtəlif dillərdən tərcümə olunan əsərləri daxildir. İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.