Direktor: Yeni Klinika olaraq öhdəmizə düşən işlərin öhdəsindən yüksək səviyyədə gəldik VİDEO
Bakı, 29 dekabr, AZƏRTAC
Xəstəxanamızda son iki gün ərzində dörd xəstə üzərində önəmli əməliyyatlar icra olundu. Əslində, qlobal səhiyyədə bu iş ən önəmli yerə sahibdir. Çox bahalı olan bu əməliyyat heç bir ödəniş olmadan gerçəkləşdirildi və uğurlu bir əməliyyat oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq ilk dəfə icra olunan və aorta damarının anevrizmasının qapalı yolla bərpası ilə əlaqədar brifinqdə Yeni Klinikanın direktoru Barat Yusubov deyib.
B.Yusubov qeyd edib ki, 2023-cü il hamımız üçün çox yadda qalan bir il oldu. Ulu Öndər “Heydər Əliyev İli” hər birimiz üçün uğurlu, müvəffəqiyyətli il kimi yadda qaldı. Hər kəs çalışırdı ki, bu ildə Vətəni, xalqı üçün faydalı işlər görsün. Yeni Klinika olaraq üzərimizə düşən işlərin öhdəsindən yüksək səviyyədə gəldik.
“Qeyd etməliyəm ki, icra olunan əməliyyat kəsintisiz, narkozsuz həyata keçirildi. Nəticə olaraq aorta damarının anevrizmasının qapalı yolla bərpasını müvəffəqiyyətlə həyata keçirdik. Təbii ki, bütün bunlar dövlətimizin başçısının səhiyyə sahəsinin inkişafına xüsusi diqqət ayırması və qayğı ilə yanaşmasının bariz nümunəsidir”, - deyə Yeni Klinikanın direktoru əlavə edib.