DİRİJABLLAR YENİDƏN SƏRNİŞİN DAŞIYACAQ
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Almaniyada dirijabllar istehsalı bərpa ediləcəkdir. Hindenburg qəzaya uğrayandan 70 il sonra ən yeni hava sepellini anqar qapılarından üsulluca çıxaraq ilk sınaq uçuşuna göndərilmək üçün tamaşaçılar qarşısına çıxarılmışdı.
Almaniyada hava şarlarının pioneri sayılan qraf Ferdinand Fon Seppelin tərəfindən miras qalmış pula tikilmiş “Zeppelin NT” dirijablı əvvəlcə Almaniyada sınaq uçuşları keçirəcək, sonra isə Londonda turistləri gəzdirməyə başlayacaqdır. İngiltərə paytaxtının səmasında bu drijablda seyrə çıxmaq istəyən hər kəs 150 funt ödəməli olacaqdır.
Əlbəttə, bu dirijablın sələfləri keçən əsrin çox böyük ölçülü aparatları olmuşdur. Lakin indiki “hava gözəli” ilə onun sələfləri arasında göylə yer qədər fərq var. Aviasiya yanacağının qiymətinin kəskin artması və aviaşirkətlərin daha ucuz uçuşlar təşkil etmək barədə fikirləşməsi ilə əlaqədar dirijabl ideyası yenidən aktuallaşmışdır.
Hava gəmilərinin ekoloji saflığı ictimaiyyətin diqqətini onlara cəlb edən şəksiz üstünlükdür. Britaniyanın “SkyCat” şirkəti bu fikirdədir ki, sepellinlərdən istifadə edilməsi Hitrou hava limanının genişləndirilməsi ilə bağlı bütün problemləri aradan qaldırardı. Məlum olduğu kimi, artıq xeyli vaxtdır ki, bu problem Londonda və şəhərətrafı bölgələrdə ciddi mübahisəyə səbəb olmuşdur. Bundan əlavə dirijabllar romantik səyyahlar üçün çox cəlbedici təsir bağışlayır.
Yeni sepellin Londonun ətrafında dövrə vurandan sonra Atlantik okeanını keçərək San-Fransiskoya yollanacaqdır. Orada sepellinin turist karyerasının davam edəcəyi gözlənilir. Bu sepellinin bir tayı Yaponiyada eyni məqsədlər üçün istifadə edilir.
Sepellinlərin London səmasında görünməsi bu ekoloji və ekzotik nəqliyyat növünə ictimaiyyətin marağını artıracaqdır. Bu da mümkündür ki, neftin qiymətinin daim artması şəraitində təşəbbüskar konstruktorları dəstəkləməyə hazır olan sponsorlar tapılacaqdır. Düzdür, dirijablların təyyarələrlə rəqabət apara bilməsini yaxın gələcəkdə gözləməyə dəyməz. Lakin cəmi on il bundan əvvəl bizim heç ağlımıza da gəlməzdi ki, dirijabllar yenidən səmada görünəcəkdir.