DMX Azərbaycanda müvəqqəti olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Bakı, 11 iyun, AZƏRTAC
Dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin iyulun 1-dək uzadılması nəzərə alınmaqla, ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti iyulun 1-dək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30-60 gün müddətinə (istəklərinə uyğun olaraq) uzadılacaq.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, müvəqqəti olma müddəti artıq otuz gün uzadılmış və həmin müddəti iyulun 1-dək bitəcək olan əcnəbilərin də müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin ölkədə olma müddətləri 30 gün müddətinə uzadılacaq.
Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) altmış gün uzadılmış əcnəbilərin ölkədə olması dövlət sərhədində hərəkətlə bağlı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılanadək əlavə dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddətdə həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.
Ətraflı məlumat üçün fasiləsiz rejimdə işləyən (012) 919 - Çağrı Mərkəzinə zəng etmək xahiş olunur.