Dneprdə soydaşlarımız üçün “Açıq qapı” günü keçirilib
Dnepr, 26 dekabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfirliyi Dnepr şəhərində yaşayan diaspor nümayəndələri və soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.
AZƏRTAC xəbər verir ki, Dneprdə keçirilən görüşdə səfirliyin müşaviri Vüsal Süleymanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.
V.Süleymanov qeyd edib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində bu cür görüşləri davam etdirəcək. Artıq bundan öncə Xarkov və Odessa şəhərlərində diaspor üzvləri, soydaşlarımız və tələbələrlə görüş keçirilib. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Dnepr