Dnepropetrovskda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB), Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
UAGB-dən AZƏRTAC-a bildirilmişdir ki, tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanmışdır.
UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova ermənilərin 22 il əvvəl Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdikləri misli görünməmiş vəhşiliklər haqqında məlumat vermişdir. O demişdir ki, ermənilər Xocalı şəhərində törətdikləri soyqırımı aktına görə tarix qarşısında cavab verəcəklər.
Dnepropetrovsk vilayətinin deputatı Fəxrəddin Muxtarov, Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Zohrab Nəcəfov, Nəcəf Əhmədov, UAGB-nin sədri Anar Tahirov və digər soydaşlarımız çıxış edərək, ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və işğalçılıq siyasətindən danışmışlar. Onlar Azərbaycanın iqtisadi, hərbi qüdrətinə görə bölgədə lider dövlətə çevrildiyini bildirmiş, işğal altında olan torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə düşmən tapdağından xilas ediləcəyinə əminliklərini bildirmişlər.
Tədbir iştirakçıları Azərbaycan və Ukrayna televiziyalarının birgə hazırladığı “Qarabağ - tarixin burulğanında” filminə baxmış, özlərini dünyada yazıq və məzlum xalq kimi təqdim edən ermənilərin əsl mahiyyəti ilə tanış olmuşlar.
Filmə baxdıqdan sonra çıxış edən Dnepropetrovsk Vilayət Administrasiyasının gənclər şöbəsinin sədr müavini Aleksander Zolotouxin və başqaları ermənilərin Xocalı şəhərində törətdikləri vəhşilikləri insanlığa qarşı bəşəri cinayət adlandırmışlar. İndiyədək dünya birliyinin bu faciəyə lazımi hüquqi-siyasi qiymət verməməsini haqsızlıq kimi qiymətləndirmişlər.
Anım mərasimində Xocalı soyqırımına dünya miqyasında hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.