DÜNYA
Donald Tramp seçkilərdə qələbəsini elan etməyə hazırlaşır
Bakı, 6 noyabr, AZƏRTAC
ABŞ mediası yazır ki, Birləşmiş Ştatlarda əyalətlərdəki seçki məntəqələrində səslərin əksəriyyətinin sayılmasından sonra Respublikaçıların namizədi Donald Tramp qələbəsini elan etmək üçün Florida ştatına yola düşüb. Demokratların namizədi Kamala Harrisin seçki qərargahından isə heç bir bəyanatın verilməyəcəyini bildiriblər.
AZƏRTAC ABŞ mediasına istinadla xəbər verir ki, artıq Trampı dəstəkləyən milyarder İlon Mask Respublikaçıların namizədinin qələbəsini özünəməxsus tərzdə - tennis terminləri ilə bəyan edib: “Oyun, set və matç!”
Seçkilərin nəticələrinə dair son məlumatlara görə, Tramp hazırda 51,2 faiz səslə öndə gedir, Harris isə seçicilərin səslərinin 47,2 faizini toplayıb. ABŞ seçki sisteminə görə, Respublikaçıların namizədi ştatlardakı nümayəndələrin 246-sının, Demokratların namizədi isə 182-sinin dəstəyini qazanıb. Tam qələbəyə nail olmaq üçün namizədlərdən biri onların 270-nin səsini əldə etməlidir. “New York Times” nəşrinin alqoritmi göstərir ki, Trampın qələbə qazanacağı ehtimalı 90 faizdir. Qəzet yazır ki, o, Pensilvaniya ştatında qalib gələcəyi təqdirdə seçkilərdə zəfərini təmin edəcək. Hazırda Tramp bu əyalətdə 51 faiz səslə irəlidədir.