Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar
Şəki, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində martın 26-da Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə ekskursiyalara başlayan 9 rayonun - Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay, Qazax və Tovuz məktəblilərindən ibarət qruplar martın 29-da ekskursiyalarını başa vuraraq Şəki şəhərindən yaşadıqları rayonlara yola düşüblər.
Şəki şəhərindəki “Marxal” mehmanxanasında qalan 360 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Şəki, Qəbələ və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, Dairəvi Məbəd və muzeylərlə tanışlıq, Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə, səfalı təbiət qoynunda yerləşən Nohur gölünə ekskursiyalar məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Tarix-Mədəniyyət Qoruğu, “Qaladüzü pilləkənləri”, Dədə Qorqud meydanı və muzeylərlə də tanış olub, fındıq emalı müəssisəsinə baş çəkiblər.
Məktəblilər respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.