Dövlət Arxivində “İdarə arxivlərində Milli Arxiv Fondu sənədlərinin təşkili mövzusunda” seminar təşkil edilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Respublikası Dövlət Arxivində “İdarə arxivlərində Milli Arxiv Fondu sənədlərinin təşkili mövzusunda” seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, seminar Azərbaycan Dövlət Arxivinin MAF sənədlərinin dəyərinin ekspertizası və kompleksləşdirilməsi, idarələrdə, təşkilatlarda sənədlərin mühafizəsinin təşkilinə nəzarət şöbəsinin cari il üzrə iş planına əsasən keçirilib.
Seminarda “İşlərin nomenklatur siyahısının tərtib edilməsi”, “Arxiv Fondu sənədlərinin dövlət mühafizəsinə təhvil verilməsinin təşkili”, “İdarə arxivlərində işlərin arxiv siyahılarının hazırlanması” mövzuları ətrafında müzakirələr aparılıb.
Tədbirdə Dövlət Arxivinin şöbə müdiri Sevinc Tahirova, Milli Arxiv İdarəsinin şöbə müdiri Həsən Həsənov, aparıcı arxivçi Aygün Bəyli çıxış edərək Milli Arxiv Fondunun tərkibinə daxil edilən arxiv sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsi, arxiv sənədlərinin siyahılarının hazırlanması, rəqəmsal idarəçilikdə arxiv sənədlərinin təşkili barədə ətraflı məlumat veriblər.
Seminarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Təhsil nazirlikləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndələri çıxış edərək təmsil etdikləri qurumlarda arxiv işinin təşkili və gördüyü işlər barədə danışıblar.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.