Dövlət arxivinin Gəncə filialında şəhid ailələri ilə görüş keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Dövlət arxivinin Gəncə filialında şəhid ailələri ilə görüş keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə əsasən Gəncə şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələri iştirak ediblər.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət arxivinin Gəncə filialının direktoru Eleonora Süleymanova çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, adlarını Vətən tarixinə qızıl hərflərlə yazdırıblar.
Torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş və şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb, cəbhədə vuruşan qəhrəman hərbçilərimizlə yanaşı, erməni terroruna məruz qalmış mülki əhalinin, eləcə də Gəncə şəhərinin bir neçə dəfə bombalanması və dinc əhali arasında itkilərin olması qeyd edilib.
O, tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə minnətdarlığını bildirib.
Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
Görüşdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onlar haqqında məlumatın gələcək nəsillərə ötürülməsi məqsədilə arxivləşdirilməsi üçün şəxsi sənədlərin və fotoalbomların filiala təqdim edilməsi təklif olunub.