Dövlət Dəniz Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində elmi seminar
Bakı, 4 mart, AZƏRTAC
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin təhsilin və elmin inkişafında rolu” mövzusunda elmi seminar keçirilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Tətbiqi mexanika” kafedrasının təşəbbüsü ilə təşkil olunan seminarda akademiyanın professor-müəllim heyəti ilə yanaşı, ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının nümayəndələri də iştirak ediblər. Tədbirlərin təşkilində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə təhsilin və elmin inkişafı istiqamətində apardığı siyasəti elmi nöqteyi-nəzərdən təhlil edərək gənclərə aşılamaqdan ibarətdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qızılgüllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Elmi seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
ADDA-nın prorektoru Vüqar Sadıqov iştirakçıları salamladıqdan sonra Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Sonra “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York elmlər akademiyasının həqiqi üzvü, professor Vaqif Həsənov Heydər Əliyevin elmə, təhsilə qayğısından söz açıb.
Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor Elçin İsgəndərzadə milli kadrların yetişdirilməsində Ulu Öndərin rolundan danışıb.
Avropa təhlükəsizlik və dayanıqlıq assosiasiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru Vüqar Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısından bəhs edib, akademiyanın inkişafında onun xüsusi yeri olduğunu vurğulayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Nurməmməd Məmmədov Ulu Öndərin Azərbaycanın inşaat sektoru ilə bağlı layihələrindən ətraflı söhbət açıb.