DÖVLƏT GÖMRÜK KOMİTƏSİNDƏ GÖRÜŞ
DGK sədri GUAM çərçivəsində gömrük xidmətləri arasında əlaqələri və birgə işi yüksək qiymətləndirərək, mövcud əməkdaşlığın möhkəmləndirilməsi, üzv dövlətlər arasında ticarətin həcminin artırılması, qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
1997-ci ildən hüquq mühafizə orqanı statusu olan Azərbaycan Dövlət Gömrük Komitəsinin beynəlxalq, o cümlədən GUAM çərçivəsində gömrük xidmətləri ilə münasibətlərə xüsusi önəm verdiyini söyləyən Aydın Əliyev, hazırda respublikamızın çoxtərəfli və ikitərəfli sazişlər əsasında GUAM-ın iştirakçı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığı uğurla davam etdirdiyini vurğulamışdır. O qeyd etmişdir ki, artıq Ukrayna və Gürcüstan ilə gömrük işi sahəsində sazişimiz mövcuddur. Moldova ilə də belə bir saziş tezliklə imzalanacaqdır.
Azərbaycan gömrük xidmətinin GUAM çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etdiyini diqqətə çatdıran komitə sədri Virtual Mərkəzin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiyini söyləmişdir. Demişdir ki, terrorizmə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, qanunsuz miqrasiyaya qarşı mübarizəyə xidmət edən Virtual Mərkəzin əhatəli fəaliyyəti Azərbaycanın gömrük təşkilatının maraqları çərçivəsindədir.
Avratlantika ekspertlər qrupunun meneceri Aleksandru Farkaş Azərbaycanın bu regional təşkilatda aktiv fəaliyyətindən məmnunluqla söhbət açmış, GUAM-ın iştirakçı dövlətləri arasında informasiya mübadiləsini intensivləşdirmək üçün məhz Azərbaycanın seçilməsini respublikamızda Virtual Mərkəzin faktik fəaliyyəti ilə əlaqələndirmişdir. Bu mərkəz vasitəsilə digər ölkələrin sistemləri ilə pilot bağlantıları keçirilməsinin zəruriliyini vurğulayan A.Farkaş, hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın ümumi işin səmərəliliyinin artırılmasına yardımçı olacağına əminliyini ifadə etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.