Dövlət İdarəçilik Akademiyasında www.1918pogroms.com saytının təqdimatı olmuşdur
Bakı, 22 aprel (AZƏRTAC). Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) təhsil alan bakalavr, magistr, dissertant və dövlət qulluğu sistemində çalışaraq ixtisaslarını artıran gənc müdavimlər üçün yeni istifadəyə verilən www.1918pogroms.com internet saytının təqdimatı keçirilmişdir.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Akademiyanın beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti Elçin Əhmədov, internet saytın yaradılmasına texniki dəstək verən Əli Hacızadə və digərləri çıxış edərək belə bir saytın ərsəyə gətirilməsini yüksək qiymətləndirmiş, onun tarixçilər, bu sahənin tədqiqi ilə məşğul olan elm adamları və təhsil alanlar üçün faydalı vəsait olduğunu vurğulamışlar.
Qeyd edilmişdir ki, təqdim edilən internet saytının materialları tamamilə rəsmi sənəd və faktlara əsaslanır və 1918-ci il ərzində erməni hərbi dəstələrinin tarixi Azərbaycan torpaqlarında dinc sakinlərə qarşı həyata keçirdiyi etnik təmizləmə və kütləvi qırğın əməllərindən bəhs edir. Azərbaycanlılara qarşı törədilmiş qırğınlar erməni millətçilərinin gələcəkdə öz dövlətlərini qura biləcəkləri ərazilərdə əhalinin sayını maksimal dərəcədə azaltmaqla bağlı irimiqyaslı planlarının bir hissəsi idi. Bu sənədlər Birinci Dünya müharibəsi başlanandan bəri törədilmiş zorakı cinayət əməllərinin araşdırılması üzrə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 15-də yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının topladığı və tərtib etdiyi sənədlərdir. Saytda komissiyanın sədri vəzifəsini hüquqşünas Ələkbər bəy Xasməmmədovun icra etdiyi qeyd olunmuşdur. Komissiyanın üzvləri Bakı və Gəncə şəhərlərinin, istintaq və məhkəmə orqanlarının əməkdaşlarından ibarət olmuşdur. Komissiyanın fəaliyyət dövründə (15 iyul 1918 - 1 noyabr 1919) 36 cild və 3500 vərəqdən ibarət material toplanmışdır. Onlardan 6 cild, 740 vərəqdən ibarət material Bakı və ətraf ərazilərin əhalisinə qarşı törədilmiş zorakılıq əməllərinə həsr olunmuşdur. Digər cildlər erməni hərbi dəstələrinin Şəki, Şamaxı, Qarabağ, Zəngəzur, Quba, Göyçay, Lənkəran qəzalarında və Gəncə quberniyasının kəndlərində əhaliyə qarşı törədilmiş cinayətlərə həsr olunmuşdur. Saytda tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin elmi əsərlərindən geniş istifadə olunmuşdur.
Tədbirin sonunda internet saytının bütün bölmələri ayrı-ayrılıqda nümayiş etdirilmişdir.