Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüşdə işgüzar müzakirələr aparılıb
Bakı, 9 mart, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri ilə Xidmət rəhbərliyinin növbəti görüşü keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Şuranın fəaliyyəti, görülən işlər barədə fikirlərini bölüşüb. Xidmət rəisi İctimai Şuranın müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, xidmətin keyfiyyətinin artırılmasında, işlərin daha səmərəli təşkilində əhəmiyyətli roluna toxunub. DMX-nin ictimai nəzarətin səmərəliliyinin artırılmasında maraqlı olduğunu və bunun üçün hər cür şəraitin yaradıldığını deyən F.Nəbiyev bildirib ki, Prezident İlham Əliyev ictimai iştirakçılığın dövlət üçün əhəmiyyətini çıxışlarında dəfələrlə vurğulayıb. Çünki “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən müvafiq strukturlar yanında ictimai şuraların yaradılması ölkəmizdə demokratikləşmə prosesinin, eləcə də dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin yeni mərhələsi kimi yüksək qiymətləndirilir.
Müvafiq fəaliyyət sahəsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Xidmətin əsas fəaliyyət prinsiplərindən olduğunu vurğulayan F.Nəbiyev DMX yanında İctimai Şurada cəmiyyətdə nüfuzu olan yeddi qeyri-hökumət təşkilatının təmsil olunduğunu və şura üzvlərinin hər birinin ixtisaslaşmış şəxs kimi miqrasiya prosesləri barədə məlumatlılığının ümumi işə töhfə verdiyini qeyd edib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və şura üzvləri vətəndaşların dövlət idarəçiliyində iştirakı, məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması, verilən qərarlarda vətəndaş cəmiyyəti institutlarının da rəyinin nəzərə alınması baxımından son illərdə atılmış addımların əhəmiyyətindən danışıblar. Onlar Xidmətin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən danışıblar.
Görüş vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və digər məsələlərlə bağlı təkliflərin irəli sürülməsi ətrafında müzakirələrlə davam etdirilib.