Dövlət orqanlarında 138 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub
Bakı, 6 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 6-da 47 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun 138 vakant vəzifənin tutulması üçün daxili müsahibə elan olunub.
Vakansiyalardan 31-i inzibati vəzifələrin dördüncü, 16-sı beşinci, 29-u altıncı, 62-si isə yeddinci təsnifatına aiddir. Dövlət orqanları arasında ən çox vakant vəzifə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən təqdim edilib. Həmin qurum üzrə 28 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Bundan başqa, vakant vəzifələrin 31-i Naxçıvan Muxtar Respublikasının 4 dövlət orqanı, 49-u 25 yerli icra hakimiyyəti orqanı, 2-si isə 2 məhkəmə hakimiyyəti orqanı tərəfindən təqdim olunub.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada aparılır. Bu, vətəndaşların rahatlığının təmin edilməsinə, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, eləcə də DİM-in xidmətlərinin daha əlçatan olmasına imkan yaradır.
Daxili müsahibədə vakant vəzifənin tələblərinə uyğun olan, həmin dövlət orqanında inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik dövlət qulluqçuları, həmçinin dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadr kimi saxlanılan şəxslər iştirak edə bilərlər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 6-dan 20-dək saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.