DÖVLƏT PROQRAMI ARAN İQTİSADİ RAYONUNDA UĞURLA HƏYATA KEÇİRİLİR
Dövlət Proqramının icrası ilə əlaqədar digər bölgələrdə olduğu kimi, Aran iqtisadi rayonunda da xeyli iş görülmüşdür. Ölkədə yaradılmış yeni iş yerlərinin 23,6 faizi bu iqtisadi rayonun payına düşür. Təkcə 2005-ci ildə burada 562 yeni təsərrüfat subyekti yaradılmışdır.
Mingəçevir şəhərində fəaliyyətə başlamış “Kür” elektron avadanlığı, dəmir-beton dayaqlar istehsalı müəssisələri, saatda 68 ton məhsul hazırlayan müasir asfalt zavodu, Ağcabədi rayonundakı “Şəki-İpək” ASC-nin Qarabağ filialı və xalça sexi, İmişli rayonundakı şəkər zavodu, “Araz” konservləşdirilmiş şirələr və konyak spirti istehsalı sahəsi, Hacıqabul toxuculuq fabriki nəzdində yeni əyirici sexi və s. belə müəssisələrdəndir.
Hazırda tikintisi sürətlə davam etdirilən Əli Bayramlı Kərpic zavodunda 60 iş yerinin açılması nəzərdə tutulur. Müəssisənin cari ilin ortalarında istifadəyə verilməsi gözlənilir.
Yenidənqurma işlərinin bu ilin sonunda başa çatdırılması gözlənilən Əli Bayramlı yağ-piy kombinatının və Ağdaş rayonunda “Arşın malçı” müəssisəsinin yeni tikiş fabrikinin hər birində 150 iş yerinin, Kürdəmir rayonunda tikilən süd zavodunda 100 iş yerinin açılması və s. proqnozlaşdırılır.
Ümumiyyətlə, 2006-cı ildə Aran iqtisadi rayonunda təxminən 40 minə yaxın iş yerinin açılması gözlənilir.