Dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və tətbiqi məsələləri mövzusunda onlayn görüş
Bakı, 5 avqust, AZƏRTAC
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Qanunla bir sıra dəyişikliklər edilib. Qanuna edilmiş dəyişikliklər dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və digər məsələləri əhatə edir.
Avqustun 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və tətbiqi məsələləri” mövzusunda dövlət orqanları nümayəndələrinin iştirakı ilə onlayn görüş təşkil edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları üzrə ümumilikdə 134 dövlət orqanından 148 nümayəndə iştirak edib.
İclasda Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və onların tətbiqi, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verilib.
Tədbirin sonunda dövlət qulluğuna dair aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, müvafiq dəyişikliklərlə bağlı vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq növbəti həftə Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə də canlı yayım ediləcək. DİM-in məsul şəxsləri tərəfindən izləyicilərin sualları cavablandırılacaq. Yayımın vaxtı barədə feysbukda əlavə məlumat veriləcək.