Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi davam edir
Bakı, 10 mart, AZƏRTAC
Yanvarın 11-də və 26-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi davam edir.
Dövlət İmtahan Mərkəzi (DİM) bu mərhələ üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələri martın 9-da davam etdirib. Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə və Mingəçevir regional bölmələri də daxil olmaqla, 12 müxtəlif yerdə təşkil edilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, gün ərzində nəzərdə tutulan 95 müsahibədən 38-i keçirilib, 57 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən ləğv edilib. Müsahibəyə qatılmış namizədlərdən 18-i iddia etdiyi vəzifəyə uyğun hesab olunub.
DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur. Bu, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə bir gün qalmış, səhər saat 10:00-dək müraciətlərini http://eservices.dim.gov.az/dqq/Home/Login linki vasitəsilə ləğv etməlidirlər.
Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcək.