Dövlət qulluqçuları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyalari” adlı layihəyə start verilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar dövlət idarəçiliyi sahəsində dövlət qulluqçularının bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) təsdiqlənmiş proqrama uyğun olaraq tədbirlər həyata keçirir.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq memorandumu çərçivəsində aprelin 6-dan ilin yeni tədbirlər proqramı təsdiqlənib və həyata keçirilir. Layihə 2021-ci ilin sonunadək davam edəcək.
Bu gün baş tutan ilk tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” adlı mühazirə ilə çıxış edib.
Rektor Azərbaycan Respublikasının iqtisadi, sosial və humanitar sahələrdə uğurlu inkişaf nümayiş etdirdiyini və müstəqilliyinin hər növbəti ili ölkənin yeni yüksək nailiyyətləri ilə bağlı xəbərlərlə müşayiət olunduğunu bildirib. Akademik qeyd olunan uğurların kökündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb.
DİA-nın rektoru diqqətə çatdırıb ki, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. 44 günlük Vətən müharibəsi və ölkənin zəfəri bunu bir daha nümayiş etdirdi.
Seminar iştirakçıları, həmçinin Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb. Xüsusi vurğulanıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Mehriban Əliyevanın insan potensialının inkişafı, inkişaf proseslərinin inklüzivliyinin təmini sahəsində təşəbbüsləri, onun rəhbərliyi altında gerçəkləşdirilən iqtisadi, sosial, humanitar və mədəni layihələr Azərbaycan Respublikasının sosial indikatorlarının yüksək qalmasına, həmçinin gələcək sosial tərəqqiyə imkan yaradıb.
Onlayn seminarın yekununda iştirakçıların sualları cavablandırılıb.