İDMAN
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışının qalibləri bəlli olub
Bakı, 9 dekabr, AZƏRTAC
Bakıda dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub.
Azərbaycan Bilyard Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, kişilər və qadınlar arasında təşkil olunan və iki gün davam edən yarışda 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.
Qadınlar arasında Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR), müvafiq olaraq, ikinci və üçüncü yerə layiq görülüblər.
Kişilər arasında Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub. Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.
Turnir Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.