Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir
Bakı, 4 noyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə sahəsində zəruri tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 29-da saat 11:10 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq, Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz yolla keçməyə cəhd edən bir nəfər Azərbaycan vətəndaşı 1994-cü il təvəllüdlü Rüstəmov İsrayıl Ənvər oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Həmin gün saat 21:30 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkarlanmış bağlamaya baxış zamanı içərisində 12 kiloqram 635 qram çəkidə narkotik vasitəyə bənzər maddə aşkarlanaraq götürülüb
Oktyabrın 30-da saat 11:15 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində iki nəfər naməlum şəxsin Azərbaycandan İrana istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları havaya xəbərdarlıq atəşindən sonra saxlanılıblar. Həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları Xaçmaz rayon sakini 1997-ci il təvəllüdlü Fərmanlı Mehman İlqar oğlu və Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Sadıqov Tərlan Heybət oğlu olmaları müəyyənləşdirilib.
Həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycana Kür çayında çəlləyin içərisində ötürülmüş qaçaqmal predmeti olan 20 qutu (339 blok) “Demi Wolf” markalı pirotexniki vasitə aşkarlanaraq götürülüb.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.