CƏMİYYƏT
Dövlət Səs Yazıları Arxivində şəhid ailəsi üzvləri ilə görüş keçirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Onlar beş nəfər idilər, beşi də qara geyinmişdi - Vətən müharibəsi şəhidləri Ruslan Bayramovun anası Aygün xanım, Səmural Fətəliyevin anası Qənirə xanım, Rəşad Zeynallının anası Hafizə xanım, Səid Rəşidzadənin anası Rübabə xanım və Rahib Fətəliyevin həyat yoldaşı Təranə xanım... Dövlət Səs Yazıları Arxivində Zəfər günü münasibətilə şəhid ailəsi üzvləri ilə təşkil edilən görüşün əsas qəhrəmanları da onlar idi.
AZƏRTAC xəbər verir ki, arxivin direktoru Xalidə Fərəcullayeva 2020-ci ilin payızında Azərbaycan Milli Ordusunun Vətən müharibəsindəki uğurlu döyüş əməliyyatlarından, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı haqq savaşından, əsgər və zabitlərin nümayiş etdirdiyi igidlik nümunəsi nəticəsində əldə edilən möhtəşəm Zəfərdən bəhs edib.
Görüşdə çıxış edən Milli Arxiv İdarəsinin şöbə müdirləri Natiq Eminov və Cəmilə Abbasova həmin günlərdə xalq-dövlət-ordu birliyindən, Qarabağın azadlığı uğrunda şəhid olan oğulların vətənpərvərlik nümunəsindən, onların gənc nəslə örnək olan həyat yolundan danışıblar.
Şəhid anaları Aygün Bayramova, Qənirə Fətəliyeva, Hafizə Zeynalova, Rübabə Şərifova övladlarının döyüş və qəhrəmanlıq hekayətləri, indi nağıla çevrilən ömür yolları barədə təsirli xatirələr söyləyiblər.
Şəhidlik tarixləri fərqli olsa da, qəhrəmanların həyat yolları bir-birinə çox oxşayırdı. Ruslan noyabrın 9-da Şuşada, Səmral oktyabrın 5-də Füzulidə, Rəşad oktyabrın 8-də Cəbrayılda, Səid oktyabrın 11-də Hadrutda, Rahib sentyabrın 27-də Füzulidə əbədiyyətə qovuşsa da...
Xatirələr çözələnir, xanımların yaddaşında onlarla bağlı olan ən unudulmaz məqamlar yada düşür. Qara paltarlı xanımların övladları və həyat yoldaşı sanki ağappaq bir işığa çevriliblər, özlərindən sonra ağappaq bir iz buraxıblar. Elə iz ki, həmişə və hər vaxt xatırlanacaq...