Dövlət Sosial Müdafiə Fondunda qanvermə aksiyası keçirilmişdir
Bakı, 12 dekabr (AZƏRTAC). Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarında könüllü qanvermə aksiyasına başlanılmışdır.
DSMF-dən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 12-də ilkin olaraq Fondun mərkəzi aparatında qanvermə aksiyası keçirilmişdir. Növbəti günlərdə bu aksiya Fondun yerli şöbələrində də təşkil ediləcəkdir.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunmuşdur.
Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildirərək belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu qeyd etmişlər.
Tədbirdə vurğulanmışdır ki, “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası tədbirləri çərçivəsində ölkəmizdə genişmiqyaslı qanvermə aksiyaları həyata keçirilir. Bu xeyirxah təşəbbüsə qoşulan Heydər Əliyev Fondu Azərbaycanda qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı məqsədi ilə mühüm layihələr reallaşdırmaqdadır.
Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun əməkdaşları götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra onlardan talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə ediləcəyini nəzərə çatdırmışlar.