CƏMİYYƏT
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna dəyişikliklər ediləcək
![“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna dəyişikliklər ediləcək](/files/2022/2/1200x630/16572713402963114478_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin iyunun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi sığortaolunanların qanunvericilikdə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi uçotunun təşkili ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə ölkə ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş şərtlərlə Azərbaycan vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası və digər sosial müdafiə təminatı hüququ olduğundan bu qanunun da həmin şəxslərə şamil edilməsi nəzərdə tutulur. Sığortaolunanın sosial sığorta stajına daxil edilən dövrlərin, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə ölümü ilə əlaqədar onun ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması və bir sıra digər düzəlişlər təklif olunur.