İQTİSADİYYAT
Dövlət Vergi Xidməti: Sahibkarlığın təşviqi ilə bağlı konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur
Bakı, 20 fevral, AZƏRTAC
Dövlət Vergi Xidmətinin ortamüddətli dövrdəki hədəfləri 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn məsələlərdir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin strategiya sənədi vergi sahəsində islahatların 2 mühüm istiqamətini müəyyən edir.
Bunlardan birincisi, iqtisadiyyatın strateji inkişaf sahələrinin stimullaşdırılması, habelə investisiya və kapital qoyuluşu həcminin artırılması üçün vergi təşviq alətlərindən effektiv istifadədir. Digər əsas istiqamət “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə, şəffaflaşmanın səviyyəsinin artırılması üçün vergi sistemində rəqəmsallaşmanın genişləndirilməsidir.
Həmçinin sahibkarlığın təşviqi ilə bağlı konkret tədbirlər artıq müəyyən olunub və həmin tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlar yerli sənayenin, xüsusilə aqrar emal sənayesinin inkişafı, ixracyönümlü istehsal fəaliyyətinin, ixracyönümlü sənayenin inkişaf etdirilməsi, “yaşıl” artımın, “yaşıl” enerjinin, ekoloji mühitin qorunmasına xidmət edən sahibkarlıq sahələrinin yaradılması və inkişaf etdirilməsi, İKT sektorunun inkişafını dəstəkləyən vergi tənzimləmələrinin həyata keçirilməsi, xüsusilə maliyyə sektorunda, kapital bazarları sahəsində əlverişli vergi mühitinin yaradılması ilə regionda investisiyanın cəlbediciliyini artırmaqla ölkəyə investisiyaların qoyulmasını təmin etməkdir.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı prioritetdir və məhz həmin ərazilərə investisiyaların qoyulması ortamüddətli dövrdə vergi siyasətinin qarşısında duran əsas hədəflərdəndir. Bu sahədə artıq bir sıra vergi-təşviq alətləri tətbiq olunub. Bundan sonra da həmin sahədə və ərazilərdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.