Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlər keçiriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) Beynəlxalq Ticarət və Mallar üzrə Rəqabət və İstehlakçı Siyasətləri istiqamətinin rəhbəri Teresa Moreira ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi məlumat verib.
Bildirilib ki, görüşdə ölkəmizdə son illər ərzində rəqabət sahəsi üzrə aparılan institusional islahatlar, xüsusilə Rəqabət Məcəlləsi və “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə danışılıb. Həmçinin Rəqabət Məcəlləsinin tətbiqi üzrə normativ aktların və təlimatların beynəlxalq təcrübəyə uyğun hazırlanması istiqamətində texniki dəstək, eyni zamanda, Dövlət Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi və rəqabətin təşviqi sahəsində maarifləndirmə imkanları üzrə əməkdaşlığın qurulmasına dair razılıq əldə edilib.