DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, Komitənin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin müəyyən edilməsi prosesinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətidən məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci bəndini nəzərə alaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin 19 nömrəli, 08.05.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə Seçki Komissiyası yaradılıb. Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi və İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.
Belə ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 2020-ci il 13 may tarixindən 2020-ci il 20 iyun tarixinədək qeydiyyat aparılacaq.
Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin tərcümeyi-halı;
- namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.
Bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.
Seçki ilə əlaqədar Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi elektron poçt ünvanına ([email protected]) və ya Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edilə bilər.
Ünvan: Bakı şəhəri, Əhməd Cavad, 16
Tel: (+994 12) 437-31-15.