Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Daşkənddə də qeyd edilib
Daşkənd, 29 dekabr, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil edib.
AMM-də keçirilən tədbirdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbriki oxunub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbirdə çıxış edərək Həmrəylik Gününün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib.
Bildirilib ki, ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında qeyd olunan bu bayram sonradan Azərbaycanın bütün ərazisində keçirilməyə başlanıb. Səfir ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün keçirilməsi ilə bağlı tarixi qərarının mahiyyətindən danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət, ölkəmizin dünyada nüfuzunun artması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verib.
Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) sədri Mobil Məmmədov Həmrəylik Gününün elan olunması ilə əlaqədar qərarın tarixi əhəmiyyətindən, dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılan qətiyyətli addımlardan danışıb.
Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və başqaları bütün dünyada yaşayan azərbaycanlıların təşkilatlanması işində bu bayramın əhəmiyyətini qeyd ediblər.
Sonra RAMMM və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti adından Hüseyn Quliyevə, AMM-nin direktoru Samir Abbasova və bu qurumların fəal üzvlərinə fəxri fərmanlar təqdim olunub. Səfirə özbək milli geyimi olan çapan hədiyyə edilib.
Rəsmi hissədən sonra mərasim iştirakçılarına ziyafət verilib, Azərbaycan musiqisindən ibarət konsert proqramı olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd