Dünya Bankının missiyasına sosial islahatlar barədə məlumat verilib
Bakı, 23 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının missiyası ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə sosial sahədə aparılan islahatların uğurlarını qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan addımlar, sosial sahədə elektronlaşma proqramı, DOST konsepsiyası, əmək münasibətlərinin tənzimlənməsi işləri və aktiv məşğulluq proqramları barədə məlumat verilib.
Özünüməşğulluq proqramının əhatəsinin genişləndirilməsi sahəsində əldə olunan nailiyyətlər, bu sahədə Dünya Bankı ilə əməkdaşlığın mühüm əhəmiyyəti qeyd olunub. Nazirliyin Dünya Bankı ilə birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin icrasına dair təqdimat edilib. Ötən dövr ərzində layihə üzrə 5400-ə yaxın şəxsin öz bizneslərini qurmaları üçün aktivlərlə təmin edildiyi bildirilib.
Görüşdə əmək bazarı proqramlarından, məşğulluq xidmətlərinin çeşidlərinin artırılması və Peşə Hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi işləri diqqətə çatdırılıb.
Dünya Bankının nümayəndələri tərəfindən ünvanlı dövlət sosial yardımı proqramının qiymətləndirilməsi ilə bağlı aparılan araşdırmanın nəticələrinə dair təqdimat edilib.
Aktiv məşğulluq tədbirlərinin icrası və əhatəsinin genişləndirilməsi, peşə və kvalifikasiya standartlarının tətbiqi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının və tələb olunan peşələr üzrə tədrisin əhəmiyyətindən bəhs olunub.