DÜNYA BANKININ TƏMSİLÇİSİ NÖVBƏTİ İLLƏRDƏ AZƏRBAYCANIN İLK 10 İSLAHATÇI ÖLKƏ SIRASINDA OLACAĞINA ƏMİNDİR
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan Dünya Bankının nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olmuş, nazir Heydər Babayevlə Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müzakirələr aparmışdır.
Heydər Babayev ölkə iqtisadiyyatının hazırkı vəziyyəti, aparılan islahatlar barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda sahibkarlığın inkişafı, işgüzar mühitin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sahibkarlıq subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkili, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi, fermerlər üçün tətbiq edilən güzəştlər özəl sektorun inkişafında xüsusi əhəmiyyətə malikdir. Xüsusi iqtisadi zonaların yaradılması da sahibkarlığa dövlət dəstəyinin başlıca istiqamətlərindəndir və bu sahədə tədbirlər həyata keçirilir.
Sahibkarlığın bazar infrastrukturunun yaradılması sahəsində ölkədə ilk sənaye şəhərciyinin, biznes-inkubatorların, biznes mərkəzlər şəbəkəsinin yaradılması üzrə işlər davam etdirilir. Qarşıdakı illərdə sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti və onun reallaşması tədbirlərini bir sistem halında əhatə edən yeni Dövlət Proqramının qəbulu nəzərdə tutulur. Proqram 2008-2013-cü illəri əhatə edəcəkdir.
“Doing Business” hesabatının əsas müəllifi Simeon Jankov son illərdə müxtəlif ölkələrdə biznes mühiti ilə bağlı hesabat hazırlayan komissiya ilə Azərbaycan hökumətinin birgə işlədiyini bildirmiş və bu sahədə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Cənab Jankov “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının 2007-ci il 30 aprel tarixli Fərmanının sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mühüm rol oynadığını qeyd etmişdir. Azərbaycanda sahibkarlıq subyektlərinin qeydiyyatının sadələşdirilməsi, vergi siyasətinin təkmilləşdirilməsi və daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilmişdir. Simeon Jankov investisiyaların qorunması və təşviqi, tikinti prosedurlarının sadələşdirilməsi istiqamətində görülən işlərin davam etdirilməsini dəstəklədiyini, müvafiq islahatların davam etdiriləcəyi təqdirdə növbəti illərdə Azərbaycanın ilk 10 islahatçı ölkə sırasına çıxacağına ümidvar olduğunu vurğulamışdır.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə meneceri Qreqori Yedjeyçak, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə ölkə nümayəndəsi Aliyə Əzimova da iştirak etmişlər.