DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2
Bakı, 12 iyun, AZƏRTAC
Tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutub.
Paytaxt Mexikodakı "Asteka” stadionunda təşkil olunan qarşılaşma ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Xulian Kinyones və Raul Ximenes vurublar.
Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda Cənubi Koreya millisi Çexiyanı sınağa çəkəcək. Həmin görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
23:26
Futbol üzrə 2026-cı il dünya çempionatının ilk qolu vurulub.
AZƏRTAC xəbər verir ki, A qrupunda keçirilən Meksika - Cənubi Afrika Respublikası oyununda ev sahibləri hesabı açıb.
Doqquzuncu dəqiqədə Xulian Kinyones diqqət mərkəzinə düşüb - 1:0.
23:10
Futbol üzrə 2026-cı il dünya çempionatı start götürüb.
AZƏRTAC xəbər verir ki, mundial A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında keçirilən açılış oyunu ilə başlayıb. Paytaxt Mexiko şəhərində yerləşən “Asteka” stadionunda təşkil olunan qarşılaşmanı braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.
Bu qrupun digər matçı olan Cənubi Koreya-Çexiya görüşü iyunun 12-si Bakı vaxtı ilə səhər saat 06:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundialda ilk dəfə 48 komanda mübarizə aparır.