İDMAN
Dünya çempionatının ikinci günündə Azərbaycan gimnastları top ilə çıxış edəcəklər
![](/files/galleryphoto/2018/3/1200x630/15366534145661010485_1200x630.jpg)
![](/files/galleryphoto/2018/3/1200x630/15366534143425564984_1200x630.jpg)
Bakı, 11 sentyabr, AZƏRTAC
Sofiyada bədii gimnastika üzrə dünya çempionatının ikinci günüdür. Çempionatda Azərbaycan yığması da iştirak edir.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışların ilk günündə bizim qızlarımız fərdi çıxışlarda öz məharətlərini göstəriblər. Bu gün isə çoxnövçülükdə seçmə yarışlar çərçivəsində Azərbaycan gimnastları Zöhrə Ağamirova, Veronika Qudis və Darya Sorokina top ilə kompozisiyalar nümayiş etdirəcəklər. Qızların bu yarışlarda göstərdiyi nəticələr komanda birinciliyinin yekunlarına da hesablanır. Çoxnövçülükdə komanda birinciliyində Azərbaycanı Siyana Vasileva, Aliyə Paşayeva, Ayşən Abduləzimova, Diana Doman və Səbinə Hümmətova təmsil edəcəklər.
Sofiyada keçirilən dünya çempionatı Olimpiadaya ilk seçmə startdır. Çoxnövçülükdə qrup halında yarışların qalibləri Tokio Olimpiadasına vəsiqə alacaqlar.
Dünya çempionatında 61 ölkədən 350 idmançı qız çıxış edəcək. Yaxın həftə ərzində həm mütləq birincilikdə, həm də ayrı-ayrı növlərdə yaxşıların ən yaxşıları müəyyən olunacaq. Çempionatda cəmi doqquz mükafat dəsti oynanılır. Sofiyada dünya çempionatı sentyabrın 16-da başa çatacaq.