“Dünya ədəbiyyatı” jurnalının ikinci nömrəsi bütünlüklə Moldova ədəbiyyatına həsr edilib
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının bu il üçün sön nömrəsi işıq üzü görüb. Nəşrin 2-ci nömrəsi bütünlüklə Moldova ədəbiyyatına həsr edilib.
AYB-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yenicə işıq üzü görən jurnalın “Moldova ədəbiyyatı” adlı xüsusi nömrəsində ötən əsrin ortalarından indiyədək fəaliyyətdə olan 40-a qədər moldovalı yazıçı və şairin yaradıcılığına yer verilib.
Xatırladaq ki, bu günlərdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin daha bir yaradıcı layihəsi uğurla nəticələnib və Mərkəzin hazırladığı, Moldova ədəbiyyatı ilə bağlı iki yeni kitab işıq üzü görüb. Bu kitablarda müasir Moldova ədəbiyyatında seçilmiş imzalardan olan iki ədibin Azərbaycan dilinə çevrilmiş əsərləri yer alıb. Hər iki nəşr Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə “Bakıda Moldova kitabı günləri” çərçivəsində hazırlanıb.
Qeyd edək ki, “Bakıda Moldova kitabı günləri”nin keçirilməsi 2018-ci ilin yanvar ayının son ongünlüyündə nəzərdə tutulur.