DÜNYA GƏNCLƏRİNİN IV MƏŞĞULLUQ SAMMİTİNİN İŞTİRAKÇILARINA
Hörmətli sammit iştirakçıları!
Sizi - Dünya Gənclərinin IV Məşğulluq Sammitinin iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, sammitinizin işinə uğurlar, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Cəmiyyətin ən fəal təbəqəsi sayılan gənclərin məşğulluğu qloballaşma dövründə dünyanın bütün ölkələrində olduqca aktual problem kimi müvafiq qurumların diqqət mərkəzindədir. Yüksək potensiala malik belə böyük qüvvənin işlə təminatının təhlili informasiya cəmiyyətinin tələblərinə uyğun şəkildə aparılmalı və onun yeni texnologiyalara, innovasiyalara yiyələnməsi üçün lazımi şərait yaradılmalı, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında rolu artırılmalıdır.
Dünyanın müxtəlif guşələrindən gəlmiş nümayəndələrin sammitinizdə iştirakı gənclərin məşğulluğu probleminə beynəlxalq miqyasda göstərilən marağın ifadəsidir. Ümidvaram ki, bu mötəbər tədbirdə təmsil olunan müxtəlif ölkələrin zəngin təcrübəsindən faydalanmaqla, siz məşğulluq məsələlərinin həlli istiqamətində yeni konseptual yanaşmalar axtarıb tapacaq və onların tətbiqi mexanizminə dair təkliflər hazırlayacaqsınız.
Gənclərin məşğulluğunun təmin edilməsi cəmiyyətin bu günü və gələcəyi ilə bilavasitə bağlı olduğuna görə, Azərbaycan dövləti bu işə son dərəcə həssaslıqla və qayğı ilə yanaşır. Biz əhalinin rifah halının daha da yaxşılaşdırılmasını dövlətin apardığı siyasətin prioriteti olaraq müəyyən etmişik. İnkişaf yolunda inamlı addımlar atan respublikamızda sosial-iqtisadi tərəqqinin böyük vüsət alması, iqtisadi potensialın gücləndirilməsi və yeni iş yerlərinin yaradılması gənclərimizin qarşısında geniş imkanlar açır, onları təhsil, bacarıq və işgüzarlıqlarının artırılması istiqamətində yeni addımlar atmağa sövq edir.
İnanıram ki, sivilizasiyaların qovuşuğunda - ölkəmizdə keçirilən bu toplantı dövlətlərimiz arasındakı qarşılıqlı əməkdaşlığı möhkəmləndirməklə yanaşı, problemlərin qlobal xarakter daşıdığı indiki dövrdə irimiqyaslı müxtəlif layihələrin həyata keçirilməsinə də töhfəsini əsirgəməyəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2008-ci il.