DÜNYA Məktəbinin yubiley tədbiri keçirilib VİDEO

































Bakı, 26 aprel, AZƏRTAC
Fəaliyyətə başladığı 1998-ci ildən 22 000 şagirdin təhsil aldığı, 1600-a yaxın məzunu olan və hazırda 2000-dən artıq şagirdin yüksək təhsillə təmin edilməsində müstəsna xidmətləri olan DÜNYA məktəbi əsrin dörddə birini təntənə ilə qeyd edib.
AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında baş tutan yubiley tədbirində məktəbin yarandığı 1998-ci ildən bu günədək keçdiyi inkişaf yolu, fəaliyyəti, şagirdləri, eyni zamanda, bu gün ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda təhsil alıb, çalışan uğurlu məzunları haqqında geniş söz açılıb.
Xüsusilə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 6 avqust tarixli Sərəncamı ilə Xəzər Universitetinin DÜNYA Məktəbi 2012/2013-cü dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Qeyd olunub ki, DÜNYA Məktəbi Azərbaycan-rus, DÜNYA IB məktəbi və DÜNYA ANA Məktəbindən ibarətdir. Məktəbin Sumqayıt və Gəncə şəhərlərində yerləşən filiallarının da uğurlu fəaliyyəti barədə bəhs edilib.
2010-cu ildən isə DÜNYA Məktəbində IB bölməsi fəaliyyətə başlayıb və bu gün öz işini DÜNYA IB Məktəbi adı ilə davam etdirir. Bu il yaranmasının 15 illiyini qeyd edən DÜNYA IB Məktəbinin 6000 şagirdi və 286 məzunu olub. Hazırda IB bölməsində 953 şagird təhsil alır. 2025-ci ildə DÜNYA IB Məktəbinin məzunları Stanford, Boston, Oksford, London universitetlərində təhsil alırlar.
Tədbirdə Xəzər Universiteti və DÜNYA Məktəbinin təsisçisi professor Hamlet İsaxanlı, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı Azay Quliyev, DÜNYA məktəbinin 2010-cu ildə məzunu, Elm və Təhsil Nazirliyinin rəsmisi, II Qarabağ müharibəsinin qazisi Niftalı Qasımlı DÜNYA məktəbinin cəmiyyətdəki rolundan, təhsil sahəsindəki uğurlarından danışıblar.
Qeyd edək ki, tədbirdə DÜNYA Məktəbində uzun illər fəaliyyət göstərən əməkdaşlar təşəkkürnamələr və hədiyyələrlə təltif olunublar.
Sonda çıxış edən DÜNYA Məktəbi MMC-nin direktoru Aygün İsayeva pedaqoji heyətə və həmkarlara ürək sözlərini söyləyib və bütün əməkdaşları təbrik edib.
DÜNYA Məktəbi 1998-ci ildə professor Hamlet İsaxanlı və onun ömür-gün yoldaşı Nailəxanım İsayeva tərəfindən Xəzər Universiteti nəzdində yaradılıb. İlk olaraq burada Azərbaycan-rus bölmələri fəaliyyətə başlayıb.