Dünya ölkələri parlamentlərinin Xocalı soyqırımını tanımağa başlaması Azərbaycan diplomatiyasının uğurudur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Aparat rəhbəri Qəzənfər Qasımov, şöbə müdiri Zahid Vəliyev çıxış edərək erməni hərbi birləşmələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin görünməmiş faciəsini törətdiklərini, günahsız insanları - qadınları, uşaqları və yaşlı insanları amansızlıqla qətlə yetirdiklərini diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ciddi araşdırılmış, bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı faciəsi ilə əlaqədar Azərbaycanda və xarici ölkələrdə müxtəlif təşviqat kampaniyaları, yığıncaqlar və aksiyalar keçirilir. Artıq dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımını tanımışdır. Tədbirdə çıxış edənlər bunu Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirmişlər.
Sonda Xocalı faciəsinə həsr olunmuş fotosərgi və film nümayiş etdirilmişdir.