“DÜNYA TİCARƏT ŞƏBƏKƏSİ VƏ AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZPROMO-nun prezidenti Emil Məcidov tədbirin Beynəlxalq Ticarət Mərkəzi (BTM) və Dünya Ticarət Təşkilatı (DTT) ilə birgə hazırlandığını diqqətə çatdıraraq demişdir ki, konfransdan məqsəd pespublikamızın DTT-yə üzv qəbul olunmasına dair ictimai diskussiyalara başlamaqdır. Bildirilmişdir ki, bu işdə yerli sahibkarların yaxından iştirakını təmin etmək üçün belə tədbirlərə ehtiyac vardır və biz onların ümumdünya iqtisadi prosesləri haqqında məlumat almalarını istəyirik.
İqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov sabirkarlığın inkişafı üçün dövlət tərəfindən görülən işlər, qəbul edilmiş rəsmi sənədlər barədə məlumat vermiş, DTT-yə üzvolma prosesinin Azərbaycanın iqtisadi maraqlarını tam təmin edə biləcək şəkildə aparılmasının zəruriliyini vurğulamış və bu istiqamətdə həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Ölkəmizin nümayəndə heyətinin başçısı, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev DTT katibliyində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupu ilə martın 30-da Cenevrədə keçirilmiş son iclas, həmçinin, orada DTT-nin üzvü olan ölkələrin təmsilçiləri ilə aparılmış iki və çoxtərəfli danışıqlar barədə ətraflı məlumat vermişdir.
“Avropa Evi”nin Bakıdakı əlaqələndiricisi Volfqanq Şporrer, BTM-in nümayəndəsi Rayes Aqqarval, Çoxtərəfli Ticarət Sistemi təşkilatının məsləhətçisi Karlos Emilio Rosas DTT və onun prinsipləri, fəaliyyətinin istiqamətləri, imkanları haqqında ətraflı məlumat vermiş, ölkəmizin quruma üzv olmasının, AZPROMO-nun beynəlxalq ticarət təşkilatları ilə biznes əlaqələrinin yaradılmasının əhəmiyyətini vurğulamışlar.
Tədbirdə, həmçinin DTT-nin üzvü olan Çex Respublikasının təcrübəsi diqqətə çarpdırılmış, mövzu ilə əlaqədar dəyirmi masa keçirilmiş, “Fəaliyyət planı” qəbul olunmuşdur.