Dünyada iki milyarddan çox insanın içməli təmiz suya mütəmadi çıxışı yoxdur
Cenevrə, 19 mart, AZƏRTAC
Dünyada iki milyarddan çox insanın içməli təmiz suya mütəmadi çıxışı yoxdur. Bu problem diskriminasiyaya məruz qalmış qruplar və böhran regionlarında yaşayan insanlar üçün daha kəskin şəkildə özünü büruzə verir.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin dünya su hesabatında yer alıb. Hesabatda qeyd edilir ki, dünyanın müxtəlif regionlarında cins, yaş, sosial-iqtisadi status və ya etnik, din və dil mənsubiyyətinə görə diskriminasiyaya məruz qalan insanların təmiz su təchizatı yarıtmaz vəziyyətdədir. Acınacaqlı vəziyyət dünyanın böhran regionlarında, xüsusilə də qaçqın düşərgələrində hökm sürür.
Hesabatda, həmçinin qeyd edilir ki, su təchizatı ilə bağlı şəhər əhalisinin vəziyyəti kənd əhalisinə nisbətdə daha yaxşıdır. Şəhərdə yaşayan əhalinin 63 faizinin mənzili kanalizasiya sisteminə qoşulub. Kənd yerlərində isə bu göstərici doqquz faizə bərabərdir. Hesabatda, həmçinin qeyd edilir ki, hazırda dünyanın 50-dən artıq ölkəsi “su stressi” yaşayır, yəni bu ölkədə yerli əhalinin təmiz su ilə təchizatı qənaətbəxş sayıla bilməz.
UNESCO-nun məlumatına görə isə Avropa və Şimali Amerikada 57 milyon insanın ev və mənzillərində su boruları belə yoxdur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə