CƏMİYYƏT
Dünyanı heyrətə salan həmrəylik – Biz birlikdə daha güclüyük!
Bakı, 6 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin hər il dekabrın son günündə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqa müraciəti və bu müraciətdə əksini tapan fikirlər uzun müddət təhlil olunur, müəyyən nəticələr çıxarılır. Müraciətdə diqqətçəkən məqamlardan biri də dünya azərbaycanlılarına ünvanlanan mesajlardır.
Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq dövlətimizin başçısının yürütdüyü siyasətdən qürur hissi keçirir. Bir sözlə, Prezidentin 31 dekabr müraciəti dünya azərbaycanlılarının müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xidmət edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün məhz dekabrın 31-də qeyd olunmasının ciddi siyasi hadisə olduğunu bildirən deputat deyib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında xalqın verdiyi qərar o dövrdə müəyyən dairələrdə ciddi narazılığı doğursa da, qərar ləğv edildi. Xalqın mərd oğullarının Naxçıvanda İranla sərhəddə tikanlı məftilləri qıraraq həmrəylik naminə praktiki addımlar atması ciddi hadisə kimi tarixdə qaldı. 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü yüksək ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə, başını dik tutub, alnıaçıq, üzüağ yaşayırlar. Çünki Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hər bir azərbaycanlı sevinc göz yaşları tökdü. 44 günlük Vətən müharibəsində dünya azərbaycanlıları bir yumruq kimi birləşib, Ordumuzu dəstəklədi. Dünyanın hər bir nöqtəsindən Azərbaycana yardımlar, dəstək mesajları gəlirdi. Son illər bu cür həmrəylik dünyada müşahidə edilməmişdi. Bununla belə biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Çünki üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. 2023-cü il sentyabrın 19-da başlamış və cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu tam Zəfər əldə etdi”.
Onun sözlərinə görə, bu gün dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürur hissi keçirir ki, onun ölkəsinin güclü Ordusu, müdrik Ali Baş Komandanı var. Doğrudan da hərb meydanında parlaq qələbə qazanmış bir xalqın nümayəndəsi olmaq qürurvericidir. Əgər 2020-ci ildə qədər erməniləri və qeyriləri xaricdəki azərbaycanlılara müharibədə uduzmuş, torpağı işğal edilmiş bir millətin nümayəndəsi kimi baxırdısa, öldürücü satira ilə atmacalar atırdısa, bu gün onların özləri utancverici bir duruma düşüblər. Ermənistan 3 il ərzində azı 3 dəfə Ordumuzun qarşısında ağ bayraq qaldırdı, kapitulyasiya aktlarına imza atdılar. İndi onlar Azərbaycanla barışmaq, sülh imzalamaq üçün yalvarırlar. Bakıda Prezident tərəfindən səsləndirilən hər bir fikir Ermənistanda ciddi müzakirə olunur, siyasi hadisəyə səbəb olur.
“Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 6 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıdıb, orada mənzillə təmin olunublar. 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilərək keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Yaxın gələcəkdə Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.
Bu gün hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz zirvələr fəth edir. Həmrəyliyimiz bizə yeni-yeni qələbələr qazandıracaq. Azərbaycançılıq ideologiyasına söykənən həmrəyliyimiz müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.