DÜNYANIN MƏŞHUR FUTBOL ULDUZLARI HƏR İL NƏ QƏDƏR QAZANIRLAR ?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dünyanın məşhur futbol ulduzlrının illik qazancı milyonlarla dollar təşkil edir. Milyonçu futbolçular siyahısına mənşəcə braziliyalı olan İspanyanın Barselona klubunun oyunçusu Ronaldinyo başçılıq edir. Bu futbolçunun illik gəliri 23,5 milyon dollardır. Ronaldinyonun əsas sponsorları ayaqqabı və paltar istehsalı ilə məşğul olan “Nike”, ətriyyat istehsalçısı “Civanşin” şirkətləri və “Himmer” reklam agentliyidir.
Siyahıda ikinci yerdə futbol azerkeşlərinin sevimlisi ingilis futbolçusu Devid Bekhem gəlir. Onun illik gəliri 23,2 milyon dollar təşkil edir. “Adidas”, “Motorola”, “Pepsi” və digər firmalar öz mallarını bu futbolçunun timsalında reklam etdirirlər. 4 yaşından futbol oynamağa başlamış braziliyalı Ronaldo tez-tez klubları dəyişməkdə ad çıxarmışdır. Gah Madridin Real, gah da Barselona klublarında oynayan fubolçu ildə 18,6 milyon dollar qazanır. O, ümumi siyahıda üçüncü yerdə gəlir. 1985-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olmuş Vayn Runey 13,7 milyonu ilə dördüncü yeri tutur. Vaxtilə Çelsi klubunda oynamış və sonralar alman klublarına keçmiş Mikael Ballak 13,4 milyon dollar qazanır. Altıncı yerdə gələn Fransa yığmasının hücumçusu Tierri Anri vaxtilə məşhur Yuventus, Arsenal və Barselona komandalarında oynamışdır. Onun illik qazancı 12,6 milyon dollar təşkil edir. Gözəl oyunu ilə futbol azerkeşlərinin yaddaşında əbədi iz buraxmış, Fransa yığmasının keçmiş kapitanı, əslən Əlcəzairin Kabil bölgəsindən olan və siyahıda yeddinici yeri tutan Zinəddin Zidan futbolla vidalaşsa da, onun illik qazancı 12,4 milyon dollardır. Sonrakı yerlərdə tanınmış ulduzlardan İtaliyanın Neapol şəhərində anadan olmuş və 8 yaşından futbol oynamağa başlamış Fabio Kannavaro (11,6), Çelsi klubunun oyunçusu Con Terri (11,4) və nəhayət İngiltərə yığmasının oyunçusu Steven Cerard gəlir.