Ədalət Turan: Azərbaycanın qazandığı şanlı Zəfər uzun illər davam edən çətin mübarizənin nəticəsidir
İstanbul, 8 oktyabr, AZƏRTAC
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər uzun illər davam edən çətin mübarizənin nəticəsidir. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, Türkiyənin və bütün türk dünyasının Zəfəridir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Ədalət Turan ifadə edib.
Tarixi Azərbaycan torpaqlarının otuz ilə yaxın dövr ərzində erməni işğalı altında qaldığını xatırladan federasiya sədri deyib: “Otuz il az müddət deyil. Bundan sonra Qarabağın, Şuşanın yenidən öz sahiblərinə qaytarılması Azərbaycan üçün olduğu qədər, Türkiyə və bütün türk dünyası üçün də olduqca qürurverici və sevindirici böyük tarixi hadisədir”.
Vətən müharibəsində həlak olan şəhidlərimizə Allahdan rəhmət, qazilərə şəfa diləyən Ədalət Turan bu günlərin təkrar yaşanmaması, müstəqil Azərbaycanın gücünün, eləcə də Türkiyə-Azərbaycan qardaşlığından irəli gələn əzəmətin bundan sonra da bütün dünya üçün nümunə olmasını arzu edib. Bildirib ki, bu birliyin və bu gücün dünyaya nümayiş etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətləri mühüm rol oynayır. Yaşasın Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul