Ədəbi məclis üzvləri Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin fəaliyyəti ilə tanış olublar
Quba, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsindəki ədəbi məclislərin üzvləri Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndəliyin rəhbəri, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru İlham Qaraqurbanlı icmanın Quba nümayəndəliyinin fəaliyyəti və yeni yaradılmış ofisi barədə ətraflı məlumat verib. Bildirilib ki, Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi azərbaycanəsilli ziyalıların bir qrupu ilə görüşünün tarixi hadisə olduğunu və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu məsələnin cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə daim gündəmdə saxlanılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə şimal bölgəsində fəaliyyət göstərən “Ay işığı”, “Gülüstan”, “Ulduzlar”, “Marvar” və “Söz işığında” ədəbi məclisləri barədə məlumat verilib, yerli yazarlarla nümayəndəliyin əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunub.
Əməkdar jurnalist Azər Həsrət nümayəndəliyin fəaliyyətini, ofisin təyinatı üzrə tərtibatını, o cümlədən nümayəndəlikdə Azərbaycanın müxtəlif tarixi mərhələlərini özündə əks etdirən xəritələrin, Qərbi azərbaycanlı soydaşlarımıza məxsus rəsmi sənədlərdən təşkil edilən bölmələrin olmasını yüksək qiymətləndirib.
Xaçmaz şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Qarabağ müharibəsi qazisi Tariyel Didarov, ADPU-nin Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova, “Ulduzlar” ədəbi məclisinin baş katibi Aqşin Dadaşoğlu və ictimai fəal Vəfa Şakir Musayeva çıxışlarında Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd ediblər.
Görüşdə şeirlər səsləndirilib, təklif və tövsiyələr dinlənilib.
Yazar və şairlər öz kitablarını Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə hədiyyə ediblər.