İQTİSADİYYAT
ƏDV-nin əvəzləşdirilməsi üçün hansı tələblərə əməl edilməlidir?
Bakı, 20 fevral, AZƏRTAC
Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilən düzəliş nəticəsində ƏDV-nin əvəzləşdirilmə şərtləri müəyyənləşdirilib. Həmin maddəyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün hesablaşmalar zamanı aşağıdakı iki şərt mütləq təmin olunmalıdır:
- malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği, əməliyyatın dəyəri bank hesabına ödənilməlidir. Yəni, ƏDV ödəyicisi 118 manatlıq (ƏDV daxil) malın ödənişini həyata keçirərsə, 100 manat mütləq qarşı tərəfin bank hesabına ödənilməlidir;
- ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilməlidir. Məsələn, vergiödəyicisi 118 manatlıq (ƏDV daxil) malın 18 manatını ƏDV depozit hesabına ödəməlidir.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilən dəyişiklik birinci halla bağlıdır. Dəyişikliyə əsasən, əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməlidir. Dəyişiklik redaktə xarakterli düzəliş kimi qiymətləndirilsə də, burada ödənişi həyata keçirən şəxsin də bank hesabından istifadə etməsi konkretləşdirilib.
Həmçinin sözügedən maddədə ƏDV-nin əvəzləşdirilməsi üçün konkret sərhədlər müəyyən edilib. Əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.