ƏKSƏRİYYƏT REFERENDUMU DƏSTƏKLƏDİ
Avqustun 24-də Lənkəran rayonunun sakinləri də respublikamızın Konstitusiyasına ediləcək dəyişikliklərə öz münasibətlərini bildirmişlər. Səhərdəki 1 nömrəli referendum məntəqəsinə gələnlərin sayı çox olduğundan, hətta səsvermə bülletenlərini almaq üçün bəzən növbə də yaranırdı.
Rayonun Şiləvar, Göyşaban və digər yaşayış məntəqələrində günlərlə ev-eşiyindən çıxmayan ağbircək qadınlar belə qız-gəlinlərə qoşularaq, referendum məntəqələrinə yollanırdılar. Lənkəranın hər yerində referndum əhalinin tam fəallığı və bayram əhval-ruhiyyəsi şəraitində keçmişdir.
X X X
Cəlilabad şəhərində ümumxalq səsverməsi günü xüsusi canlanma vardı. Bunun bir səbəbi də odur ki, son illər əhalinin sosial qayğılarına diqqətin artdığını görən adamların dövlətçiliyə, qanunçuluğa inamı daha da güclənmişdir. Onlar referendum məntəqələrinə gələrək öz iradələrini ifadə edir, Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələri dəstəklədiklərini bildirirdilər. Referendum günü məntəqələrin heç birində qanun pozuntusuna yol verilməmişdir.
X X X
58 nömrəli Biləsuvar və 77 nömrəli Masallı şəhər referendum dairələrinin məntəqələrində seçicilərin çoxunun günün birinci yarısında səsvermədə iştirak etməsi həmin rayonların sakinlərinin referenduma müsbət münasibətindən xəbər verir. Hər iki rayonda referendum seçicilərin yüksək fəallığı şəraitində keçmişdir.