Ekspert: Azərbaycanla Pakistan arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur
Bakı, 17 iyun, AZƏRTAC
Pakistan ilə Azərbaycan arasında çoxtərəfli münasibətlər durmadan inkişaf etməkdədir. Çoxtərəfli münasibətlər dedikdə siyasi, iqtisadi, enerji, hərbi-sənaye, həmçinin turizm sahələrində olan əməkdaşlıq nəzərdə tutulur. Müstəqillik qazandığımız dövrdən hazırkı dövrə qədər Ermənistan-Azərbaycan münaqişəsində Pakistanın birmənalı olaraq Azərbaycana dəstək göstərməsi danılmaz faktdır. Bu işdə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi və onun siyasi kursunu davam etdirəm Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib.
O qeyd edib ki, Pakistan daim Azərbaycan xalqının yanında olub, 44 günlük Vətən müharibəsində bu özünü daha parlaq şəkildə göstərib. Azərbaycanla münaqişə şəraitində olduğuna görə Ermənistanla diplomatik əlaqələr qurmayan ölkələrdən biri də Pakistandır.
Ekspert əlavə edib ki, ölkələrimiz arasında iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə ticarət əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur ki, bu da gələcəkdə hər iki ölkənin daha sıx əlaqələr qurmasını inkişaf etdirəcək. O cümlədən bankçılıq, kibertəhlükəsizlik, tibb, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı təcrübə proqramları mübadiləsinin genişləndirilməsi hər iki ölkə üçün xüsusilə vacib amillərdəndir.
R. Hüseyn qeyd edib ki, Pakistanın həm ərazisinə, həm də əhali sayına görə müsəlman ölkələri arasında xüsusi çəkiyə, eyni dinə mənsub olması da münasibətlərin ən yüksək səviyyəyə çatıdırlmasına xidmət edən əsas faktorlardandır.
Vurğulayıb ki, Azərbaycanın vacib xarici tərəfdaşı kimi Pakistanla iqtisadi münasibətlər daha da dərinləşdirilməli və növbəti illərdə ticarət dövriyyəsinin də artırılması istiqamətində mühüm addımlar atılmalıdır.