İQTİSADİYYAT
Ekspert: Mərkəzi Asiya ölkələri Azərbaycanın timsalında Avropaya çıxış imkanlarını görürlər
Bakı, 15 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin Düşənbə səfərinin siyasi əhəmiyyəti ilə yanaşı iqtisadi önəmi də var. Belə ki, Mərkəzi Asiya ölkələri dünyanın əhəmiyyətli bölgələrindən biridir. Təbii sərvətləri və uzaq şərqə çıxışı Mərkəzi Asiya ölkələrinin dünyada geostrateji əhəmiyyətini artıran faktordur. Bu baxımdan bu bölgə tarixən müxtəlif güc mərkəzlərinin mübarizə meydanına çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Samir Heydərov bildirib. O qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin geostrateji əhəmiyyəti baxımından Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının sammitinə dəvəti ölkəmiz üçün müsbət haldır.
Bundan başqa, Tacikistan təbii sərvətləri 3 trilyon ABŞ dolları dəyərində qiymətləndirilən Əfqanıstanla həmsərhəddir. Əfqanıstanda nadir tapılan faydalı filiz və mineral yataqları var ki, bu da Avropa ölkələri tərəfindən böyük maraqla qarşılanır. Cihazqayırma sənayesində bu nadir faydalı elementlərə tələb var. Mobil telefon, notbuk, pilotsuz uçan aparatların istehsalında nadir tapılan faydalı qazıntılardan istifadə olunur. Təbii ehtiyatlar inşaat sektorunda istifadə olunur.
S.Heydərov əlavə edib ki, gələcəkdə Əfqanıstanın da Orta Dəhlizə qoşulması şəraitində bu faydalı qazıntıların Avropaya ixracı mümkündür. Ölkəmiz burada tranzit ölkə kimi iştirak etməklə iqtisadi fayda əldə edəcək. Ümumiyyətlə, Rusiya -Ukrayna müharibəsi regionda geosiyasi vəziyyəti mürəkkəbləşdirib. Bu baxımdan Mərkəzi Asiya ölkələri Azərbaycanın timsalında Avropaya çıxış imkanlarını görürlər.
Onun sözlərinə görə, Azərbaycan investisiyasına Mərkəzi Asiya ölkələrində böyük ehtiyac var. Bu da təbii ki, Azərbaycan rəhbərliyinin apardığı uğurlu, çoxvektorlu xarici siyasətinin sayəsində mümkün olub.