Ekspert: Vergi güzəştləri investisiyaların artımına şərait yaradacaq
Bakı, 11 iyun, AZƏRTAC
Hazırkı mürəkkəb şəraitdə vergi qanunvericiliyində dəyişikliyin edilməsi və tətbiqi ölkə iqtisadiyyatının dayanıqlılığının qorunmasına xidmət edir. Vergi güzəştləri bu istiqamətdə atılan mühüm addımlardan biridir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aktual mövzunu şərh edən iqtisadçı ekspert Elşad Məmmədov bütövlükdə dünya iqtisadiyyatında işgüzar fəallığın kəskin şəkildə zəifləməsi ilə bağlı proseslərin Azərbaycandan da yan keçmədiyini bildirib. Onun sözlərinə görə, bu halda iqtisadiyyatda dövlətin dəstəkləyici mexanizmlərinin gücləndirilməsinə ciddi ehtiyac var.
E.Məmmədov qeyd edib ki, mənfəət vergisi ilə bağlı güzəştlər işgüzar fəallığın aktivləşdirilməsinə, dayanıqlılığın qorunmasına xidmət etməklə yanaşı, investisiyaların artımına şərait yaradacaq: “Digər tərəfdən, pandemiya ilə bağlı bu gün problemlər yaşayan bir qrup sahibkarın əmlak və torpaq vergisindən azad olunması iqtisadi aktivlik üçün çox mühümdür. İctimai iaşə, sərnişindaşıma kimi sahələrdə vergi güzəştlərinin tətbiq olunması onu deməyə əsas verir ki, dövlətin dəstək mexanizmi biznesin qorunmasına istiqamətlənib”.
Ekspert əlavə edib ki, mikro sahibkarlıq subyektlərinin diqqətdə saxlanılması sosial baxımdan da çox vacibdir. Çünki bu sektor həm sosial nöqteyi-nəzərdən, həm də bütövlükdə hazırkı iqtisadi təzyiqlər baxımından əhalinin və biznesin kifayət qədər həssas hissəsidir.