Ekvador həbsxanalarındakı əcnəbi məhbuslar deportasiya olunacaq
Bakı, 30 yanvar, AZƏRTAC
Ekvador Prezidenti Daniel Noboa ölkədəki təhlükəsizlik böhranı fonunda yerli həbsxanalarda saxlanılan əcnəbi məhbusların ekstradisiyasına başlamaq barədə fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Primicias” portalı məlumat yayıb.
2022-ci ilin rəsmi məlumatına görə, Ekvador həbsxanalarında 31 min cinayətkar saxlanılıb, onlardan 3 min 245 nəfəri xarici ölkə vətəndaşı olub.
Daniel Noboa yanvarın 10-da Canela radiosuna müsahibəsində yaxın vaxtlarda əcnəbi məhbusları deportasiya etmək barədə göstəriş verməyə hazırlaşdığını bildirib. Onun sözlərinə görə, əvvəlcə qonşu Kolumbiya, Venesuela və Perudan olan cinayətkarlar deportasiya ediləcək.
Xatırladaq ki, yanvarın 7-də “Los Choneros” qruplaşmasının başçısı həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizliklə bağlı vəziyyət daha da kəskinləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girov götürmə halları baş verib. Yanvarın 8-də Ekvador Prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib. Dövlət başçısı bir gün sonra daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsi barədə tapşırıq verib.