El klassiko: “Barselona” “Real Madrid”i səfərdə minimal hesabla məğlub edib
Bakı, 3 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 2-də İspaniya La Liqasında 26-cı turun mərkəzi qarşılaşması
keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” klubu “Santiaqo Bernabeu” stadionunda əzəli rəqibi “Barselona” komandasını qəbul edib.
Görüş Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb-1:0.
Oyunda yeganə qol matçın 26-cı dəqiqəsində vurulub. İvan Rakitiç adını tabloya yazdırıb. Bu qələbə sayəsində “Barselona” xallarının sayını 60-a çatdıraraq çempionluq yolunda önəmli addım atıb. “Real Madrid” isə 48 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu, La Liqada 178-ci “El klassiko” olub. İndiyədək keçirilən görüşlərin 72-də “Real Madrid”, 71-də isə “Barselona” qalib gəlib. Otuz dörd oyun heç-heçə başa çatıb. “Barselona” birinci dövrədə (10-cu tur) matçda rəqibini böyük hesabla məğlub etmişdi - 5:1. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv fevralın 28-də “Real Madrid”i İspaniya Kral kubokunun yarımfinalında iki görüşün nəticəsinə əsasən üstələyərək finala vəsiqə qazanıb.
Turun digər oyunlarında nəticələr belə olub:
“Espanyol” - “Real Valladolid” - 3:1;
“Villyareal” - “Deportivo Alaves” - 1:2;
“Hueska” - “Sevilya” - 2:1.