Əlcəzairli hüquqşünas: Ermənistanın minaladığı ərazilərin xəritələrini gizlətməsi cinayətdir
Qahirə, 8 aprel, AZƏRTAC
“Əl Əxbariyə” nəşrində Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru, politoloq Yusif Xorinin “Ölüm maşınını dayandırın!” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsindən bəhs olunur.
AZƏRTAC xəbər verir ki, yazıda piyada əleyhinə minaların daha çox mülki şəxsin həlak olmasına gətirib çıxardığı qeyd edilir və ermənilərin bu addımı beynəlxalq cinayət kimi qiymətləndirilir.
“Beynəlxalq hüququn normalarına görə, insanları təhlükədən xilas etmək üçün minalanmış ərazilərin xəritələrinin təcavüzə məruz qalmış dövlətə təqdim olunması üzrə əməkdaşlıq öhdəlik kimi qiymətləndirilir. Ermənistan ötən ilin noyabrında imzaladığı kapitulyasiya sənədindən sonra bu addımı atmağa borclu idi”, - deyə əlcəzairli professor vurğulayıb.
Müəllif qeyd edib ki, atəşkəs haqqında razılaşmanın imzalanmasından sonra təxminən 10 min kvadratkilometr ərazidə mina təhlükəsi yaranıb və baş verən partlayışlar nəticəsində 20-dən çox azərbaycanlı həlak olub, 100-ə yaxın insan yaralanıb. Onların əksəriyyəti mülki şəxslər, o cümlədən qadın və uşaqlardır. Professor yazıb: “Biz təhlükəyə məruz qalan azərbaycanlı qardaşlarımızı dəstəkləyirik. Bu kontekstdə bütün dünya ictimaiyyətini, qeyri-hökumət təşkilatlarını, hüquq müdafiəçilərini ermənilərin səbəb olduqları ölüm maşınını dayandırmağa, günahsız dinc sakinlərin həyatını xilas etmək üçün Ermənistana təzyiqi artırmağa çağırıram. Ümidvaram ki, bu cür müraciətlər Ermənistanı haqqın səsinə qulaq asmağa və humanitar prinsiplərə əməl etməyə vadar edəcək. Minalanmış ərazilərin xəritələrinin verilməsi dinc azərbaycanlıların yaşamaq hüququnun təminatıdır”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə